İranın raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarında ciddi ziyanlara səbəb olub, yüzlərlə hərbçi yaralanıb. Mütəxəssislər Pentagonun bu yeni təhlükəyə tam hazır olmadığını vurğulayır.
Medianews.az xəbər verir ki, bununla bağlı İngiltərənin “The Times” qəzeti məlumat yayıb.
Məlumatına görə, İranla davam edən qarşıdurmada ABŞ-nin 13 hərbi bazasının əksəriyyəti zərər görüb. Hücumların ilk ayında təxminən 1,5 milyard dollar itki yaranıb, 300-dən çox hərbçi yaralanıb, 13 hərbçi həlak olub.
Xüsusilə Səudiyyə Ərəbistanındakı Prens Sultan Hava Bazasına yönəlmiş hücum zamanı ABŞ-yə məxsus E-3 Sentry AWACS tipli erkən xəbərdarlıq təyyarəsi məhv edilib. Hər biri təxminən 300 milyon dollara qiymətləndirilən bu təyyarələrin itirilməsi ABŞ-nin bölgədə hava nəzarəti imkanlarına ciddi zərbə vurub.
İranın Shahed-136 tipli kamikaze PUA-ları inkişaf etmiş hava müdafiə sistemlərini aşa bilib və Pentagonun bu yeni təhdidə hazır olmadığı vurğulanıb. Eyni zamanda, Rusiyanın İran üçün təmin etdiyi kəşfiyyat dəstəyi döyüşün gedişinə təsir göstərib.
Hücumlarda Qətər, Bəhreyn, BƏƏ, Küveyt və Ürdündəki ABŞ bazaları zərər görüb, bəzi hücumlarda hərbi itkilər də qeydə alınıb. Ən inkişaf etmiş hava müdafiə sistemləri belə intensiv PUA hücumlarını dayandırmaqda çətinlik çəkir.
ABŞ Prezidenti Donald Trump isə İranla bağlı təhdidlərini davam etdirərək ölkənin bütün hərbi hədəflərinin vurulacağını bildirib və “İranın mövqeyi zəifdir, onlar nefti satmaq məcburiyyətində qalacaqlar” deyə əlavə edib.
Medianews.az