Medianews.az
İraqda PUA hücumu: keçmiş BMT binası
60 baxış

İraqda PUA hücumu: keçmiş BMT binası VURULDU

İraqın Süleymaniyyə bölgəsində pilotsuz uçuş aparatı ilə hücum qeydə alınıb.

Medianews.az xəbər verir ki, hadisə İraq Kürdüstan Regional Hökumətinin nəzarətində olan Süleymaniyyə şəhərinin Riaye bölgəsində baş verib.

Məlumata görə, pilotsuz təyyarə hücumu əvvəllər Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən istifadə edilmiş binanın yerləşdiyi ərazini hədəfə alıb.

Rəsmi açıqlamaya əsasən, partlayış nəticəsində ölən və ya yaralanan olmayıb. Hücumdan sonra təhlükəsizlik qüvvələri əraziyə cəlb olunub və hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Yerli mediada yayılan görüntülərdə partlayışdan sonra ərazidə yanğının baş verdiyi, göyə qalın tüstü qalxdığı əks olunub.

Süleymaniyyə valisi Haval Əbu Bəkr hadisə ilə bağlı açıqlamasında əhalini hadisə yerinə yaxınlaşmamağa çağırıb. O bildirib ki, bölgədə gərgin vəziyyət hökm sürür.

“Xalqdan xahiş edirəm ki, hadisə yerinə getməsinlər. Biz III Dünya müharibəsinin astanasındayıq”, – deyə vali qeyd edib.

Haval Əbu Bəkr kürd qüvvələrinin bu mümkün münaqişəyə cəlb olunmamalı olduğunu vurğulayaraq beynəlxalq güclərə də müraciət edib. O, xarici dövlətləri müharibəni regiona daşımamağa çağırıb.

Medianews.az

Bizə qoşulun