Medianews.az
Klub turnirlərinə Azərbaycandan hansı komandalar gedir?
188 baxış

Klub turnirlərinə Azərbaycandan hansı komandalar gedir?

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxemi Çempionlar Liqasına 84, Avropa Liqasına 46, Konfrans Liqasına 113 komanda buraxmağı nəzərdə tutur. Turnirlərdə dörd təsnifat mərhələsi var. Reqlamentə görə, Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçür, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.

Medianews.az bildirir ki, Azərbaycan çempionunun Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibinin Avropa Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.

Milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün sonuna 7 tur qalmış “Sabah” birinci, “Qarabağ” ikinci pillədə möhkəmlənib, qızıl və gümüş medalları onların bölüşəcəyi şübhə doğurmur.

Bürünc medala isə “Turan Tovuz”, “Zirə”, “Neftçi” və “Araz-Naxçıvan” şanslı görünür.

Azərbaycan kubokunun 2025-2026 mövsümünün yarımfinalında “Qarabağ”, “Sabah”, “Zirə” və “Turan Tovuz” yer alır.

Tutalım, “Sabah” həm çempion, həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş mükafatçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc mükafatçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun