Medianews.az
Necə bir milyard qazanmaq olar?
177 baxış

Necə bir milyard qazanmaq olar?

Texnologiya dünyasının tanınmış investorlarından olan Pol Qrem hesab edir ki, milyardlarla dollar dəyərində şirkət qurmaq üçün əsas şərt insanlara həqiqətən lazım olan məhsul yaratmaqdır.

Demokrat.az xəbər verir ki, "Y Combinator"un həmtəsisçisi olan Qrem bu barədə "Oxford Union"da çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, uğurlu startapların sürətli yüksəlişinin arxasında mürəkkəb maliyyə sxemləri deyil, istifadəçilərin ehtiyaclarını düzgün müəyyən etmək dayanır. Qrem bildirib ki, son iki onillikdə minlərlə startapa investisiya yatırıb və onların onlarla təsisçisi artıq milyarderə çevrilib.

İnvestor qeyd edib ki, bir çox insan böyük sərvət qazanmağın yalnız qeyri-qanuni və ya etik olmayan yollarla mümkün olduğunu düşünür. Lakin onun fikrincə, texnologiya sektorunda bunun əksi dəfələrlə sübut olunub. O, nümunə kimi bəzi startapların aylıq 90 faizdən çox böyümə tempinə nail olduğunu göstərib.

Qremin sözlərinə görə, biznesdə əsas göstərici gəlirin cari həcmi deyil, artım sürətidir. Məhz buna görə o, startap təsisçiləri ilə görüşlərdə ilk olaraq şirkətin nə qədər sürətlə böyüdüyünü soruşur.

Sahibkar vurğulayıb ki, uğurlu ideyalar adətən bazar araşdırmalarından deyil, şəxsi ehtiyaclardan doğur. Onun fikrincə, gənclər özlərinin və yaxın çevrələrinin problemlərini həll etməyə çalışarkən gələcəyin böyük şirkətlərinin təməlini qoya bilirlər.

Qrem "Apple", "Google", "Facebook" və "Airbnb" kimi nəhənglərin də ilk vaxtlarda bir çox insan tərəfindən ciddi qəbul edilmədiyini xatırladıb. O bildirib ki, ən perspektivli layihələr başlanğıc mərhələsində çox vaxt qəribə və ya mənasız görünür.

"Y Combinator"un həmtəsisçisi hesab edir ki, milyard dollarlıq biznes qurmağın əsas şərti bazardakı boşluğu görmək və istifadəçilərin həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran məhsul təqdim etməkdir. Onun fikrincə, uğurlu startapların təməlində istismar deyil, müştərilərin ehtiyaclarını dərindən anlamaq bacarığı dayanır.

Qrem çıxışını belə yekunlaşdırıb: "İnsanlar üçün həqiqətən dəyər yaradan məhsul hazırlayıb bunu böyük bazarda inkişaf etdirə bilsəniz, sərvət təbii nəticə kimi ortaya çıxacaq".

Bizə qoşulun