“ABŞ dövlət katibi ilə Ermənistanın xarici işlər naziri bu yaxınlarda TRIPP layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Uzun müddət bizi hansısa dəhlizin təhvil verilməsinə hazırlaşmaqda ittiham etsələr də, həmin sənəd əslində mövcud olmayan bu mövzunu gündəmdən çıxardı”.
Bunu mayın 31-də seçkiqabağı təşviqat zamanı məzuniyyətdə olan Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edən Nikol Paşinyan deyib.
O xatırladıb ki, bundan sonra ABŞ prezidenti Donald Tramp Ermənistanı Şərqdən Qərbə enerji daşıyıcılarının tranziti üçün mühüm marşrut kimi qiymətləndirdiyini bildirib.
“Bu, Ermənistanın rolunun artması deməkdir. Beynəlxalq tərəfdaşlar Ermənistanda bəyan ediblər ki, ölkə Qərbdən Şərqə ən qısa yolun keçdiyi ərazidə yerləşir. Bu yol Şirak, Lori və Tavuş vilayətlərindən keçir. Bu isə o deməkdir ki, yaxın vaxtlarda biz dəmir yolunu təkcə cənub istiqamətində deyil, həm də şimal istiqamətində açacağıq.
Biz iki dəmir yolu qolunu – İcevan-Razdan və Vanadzor-Gümrü xətlərini birləşdirərək ən qısa dəmir yolu marşrutunu əldə edəcəyik. Digər tərəfdən, beynəlxalq investorlar bizə Şirak, Lori və Tavuş vilayətləri üzrə yeni ödənişli avtomobil yolunun tikintisini təklif edirlər”, - deyə Paşinyan qeyd edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan və ABŞ arasında TRIPP (“Tramp marşrutu”) layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq.
Onun sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır.
“Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq”, - nazir əlavə edib./musavat.com