ABŞ Prezidenti Donald Tramp koqnitiv (dərketmə) qabiliyyətlərin qiymətləndirilməsi üçün keçirilən tibbi testdən uğurla keçdiyini bəyan edib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Uolter Rid adına Hərbi Tibb Mərkəzində keçirilən və mənə yenicə təqdim olunan tibbi müayinənin nəticələri olduqca yaxşıdır. Digər ABŞ prezidentlərindən fərqli olaraq, mən yüksək çətinlik dərəcəsinə malik təsdiqlənmiş koqnitiv testdə mümkün 30 baldan 30 bal toplamışam ki, bu da "görkəmli intellekt" göstəricisi hesab olunur.
Əslində, bu, mənim dördüncü analoji testimdir və onların hamısını uğurla keçmişəm. Belə ki, ümumilikdə verilən 120 sualın hamısına düzgün cavab vermişəm. Kiminsə ən yüksək nəticə göstərməsi, xüsusilə də bunu ardıcıl dörd dəfə etməsi çox nadir hadisədir. Prezident və vitse-prezident vəzifələrinə namizədliyini irəli sürən bütün şəxslər yüksək çətinlik dərəcəli koqnitiv testlərdən keçməyə borclu olmalıdırlar", - deyə Donald Tramp yazıb./Oxu.Az