Son vaxtlar poliklinika və xəstəxanalarda yaranan uzun növbələr, sıxlıq və xidmət prosesindəki çətinliklər vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdəndir. Xüsusilə rayonlardan paytaxta gələn sakinlər bu vəziyyətdən daha çox narazılıq edirlər. Onların sözlərinə görə, bəzən günlərlə qalmağa yer tapmaq çətin olur, səhər tezdən gəlib saatlarla növbədə dayanmalı olurlar.
Mövzunu yerində araşdırmaq üçün paytaxtın bir neçə tibb müəssisəsində olduq. 26 saylı poliklinikada, həmçinin 44 saylı poliklinikanın iki filialında mövcud vəziyyəti müşahidə etdik.

Görünən mənzərə demək olar ki, eyni idi: uzun növbələr, yorğun pasiyentlər və gərgin iş rejimində çalışan tibb işçiləri.

Vətəndaşların narazılığı xüsusilə tibbi arayışların alınması prosesində daha aydın hiss olunurdu. Sadə bir tibbi arayış üçün insanlar bir neçə mərhələdən keçir, müxtəlif tibb müəssisələrinə yönləndirilirlər. Bu isə həm vaxt itkisinə, həm də əlavə yorğunluğa səbəb olur.
44 saylı poliklinikada və digər müəssisələrdə növbədə dayanan tələbələr və onların valideynləri də eyni narahatlığı bölüşürdülər. Xaricdə təhsil almaq və ya magistratura üçün müraciət edən bir neçə gənc bildirdi ki, bir arayış üçün fərqli-fərqli yerlərə göndərilmək prosesi olduqca yorucudur və bunun daha sadə şəkildə həll olunması mümkündür.

“Biz Ağciyər Xəstəlikləri İnstitutundan gəlmişik. İldə bir dəfə bizə bax, bu cür zülm verirlər. Öz institutumuzda hər bir şərait var, bura niyə gəlməliyik ki?!”, - deyə qrup şəklində dayanan institut əməkdaşlarından biri dedi.
Sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar isə ayrıca narazılıq qrupunu təşkil edirdi. Onlar bildirdilər ki, bu proses həm çox mərhələlidir, həm də əlavə vaxt və xərc tələb edir.
Vətəndaşlardan biri, Gülsüm Əliyeva bizimlə söhbətdə narazılığını gizlətmədi:
“Səhərdən işdən icazə alıb gəlmişəm. Burada o qədər növbə var ki, nə edəcəyimi bilmirəm. Heç kəs növbə gözləmir. Bir günə həll olunacaq iş günlərlə uzanır. Növbəm çatanda isə deyirlər ki, iş saatı bitdi. 50 manat rüsum ödəyib, bəlkə bu gün 4-5 həkimin qəbulunda olmuşam. Amma işim bitmir. Məni yenə başqa yerə göndərirlər. Yasamala getməliyəm, oradan narkoloji dispanserdən arayış almalıyıq. Bunun üçün də əlavə 5 manat ödəyirik. Halbuki bunu elektron sistemlə bir neçə dəqiqəyə həll etmək olar. Niyə bu qədər süründürməçilik var?”

Onun sözlərinə görə, proses bununla da bitmir. Sürücülük vəsiqəsi üçün əlavə olaraq qadın məsləhətxanası, digər poliklinikalar və psixiatr müayinəsi kimi mərhələlərdən keçmək tələb olunur.
“Bu qədər proseduru bir mərkəzdə toplamaq olmazmı?”, - deyə o şikayət edirdi.
Sürücülüklə bağlı əsas narazılıqlardan biri də tibbi arayışın etibarlılıq müddətinin dəyişdirilməsi ilə bağlıdır. Əslində növbələrə səbəb də məhz bu dəyişikliklə bağlıdır. Əvvəllər üç il olan bu müddət 30 günə endirilib. Bu isə həm sürücülər, həm də tibb işçiləri arasında ciddi narazılıq yaradıb. Məsələ ondadır ki, sürücülük imtahanları bir neçə mərhələdən ibarətdir və namizədlər ilk cəhddə uğur qazanmadıqda, təkrar imtahan üçün yenidən tibbi müayinələrdən keçməli olurlar. Bu isə əlavə rüsumlar və vaxt itkisi deməkdir.
Adının çəkilməsini istəməyən həkimlər bildirdilər ki, bu müddətin 30 gün olması real praktikada ciddi çətinliklər yaradır:
“Bu, çox qısa müddətdir. Həm həkimlər, həm də vətəndaşlar üçün çətinlik yaradır. Təklif edilib ki, bu müddət ən azı iki aya qədər uzadılsın”.

Poliklinikalarda müşahidə edilən digər narazılıq isə sürücülük vəsiqəsi üçün müraciət edənlərin ayrıca sistemdə işlənməməsi ilə bağlıdır. Poliklinikada buna görə az qala əlbəyaxa dava da düşdü. Endokrinoloqun qapısında dayanan şəkərli diabet xəstəsi olan qadın sürücülük vəsiqəsinə görə dayananlara hücum çəkdi:
“Burada niyə dayanmısız, xəstə adamam, imkan verin keçim, güclə ayaq üstdə durmuşam. Nəyimə lazımdır sənin kağız-kuğuzun. Canımızla əlləşirik burada”.
Pasiyent həkimlərə də etiraz etdi:
“Bunları başqa həkimə yönəldin də... Xəstələrə niyə mane olurlar, günah sizdədir, təki pulunuz çox olsun”.
Digər pasiyentlər də qadının tərəfini tutdular. Onlar hesab edirlər ki, sürücülük üçün gələnlərin prosedurları daha sadədir və ayrıca təşkil olunmalıdır ki, ümumi növbəyə mane olmasın.

Müşahidələr zamanı həkim çatışmazlığı da açıq şəkildə hiss olunurdu. Əksər otaqlarda yalnız bir həkim və bir köməkçi çalışırdı. Bu isə böyük növbələrin yaranmasına səbəb olur.
Gərgin iş yükü tibb işçilərinin davranışına da təsirsiz ötüşmür. Bəzi hallarda pasiyentlər həkimlərin yorğunluq və sıxlıq səbəbilə daha sərt ünsiyyət qurduqlarını bildirirlər.
Poliklinikalarda mövcud şəraitin özü də bu gərginliyi daha da artıran əsas amillərdən biri kimi diqqət çəkir. Dar dəhlizlər, kiçik və yetərli təmir olunmamış otaqlar, eyni məkanda toplaşan xeyli insanın yaratdığı sıxlıq ümumi atmosferi daha da ağırlaşdırır. Bu gərginlik bəzən daha kəskin hallarla da nəticələnir. Növbə üstündə iki qadın arasında yaranan mübahisə bir anda böyüdü, səs-küy bütün müəssisəyə yayıldı.

Növbədə dayanan bəzi pasiyentlər isə həkimlərin onlara diqqət ayırmadığını dedilər. Qapıda duran qadınlardan biri kabinetə daxil olduğu zaman həkimin telefona baxaraq resept yazdığını iddia etdi:
“İçəri girdim, gördüm, həkim resepti telefondan baxa-baxa yazır. Elə bil nəyisə oradan götürüb köçürürdü. Bizi bu günə qoyurlar o reseptlərlə...”
Poliklinikadan uzaqlaşanda bir daha aydın oldu ki, mövcud vəziyyət həm vətəndaşlar, həm də tibb işçiləri üçün ciddi gərginlik yaradır. Sıxlıq, həkim çatışmazlığı, çoxmərhələli prosedurlar və təşkilati məsələlər xidmətin keyfiyyətinə birbaşa təsir göstərir və narazılıqların yaranmanısa səbəb olur.

Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com