"Qarabağ" Portuqaliyanın "Kaza Pia" klubunun 26 yaşlı mərkəz müdafiəçisi Joao Qulart ilə maraqlanır.
Bu haqda "A Bola" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, hələlik "Kaza Pia" rəhbərliyinə rəsmi təklif daxil olmayıb. Hazırda Portuqaliya təmsilçisi bütün diqqətini yüksək liqada qalmağa yönəldib. "Jil Visente"yə 1:2 hesablı məğlubiyyətdən sonra işləri çətinləşən "qazlar" turnir cədvəlində 16-cı pillədə — pley-off zonasında qərarlaşıblar.
Portuqaliya təmsilçisinin rəhbərliyi müdafiəçini təxminən 1,5 milyon avro qarşılığında buraxmağa hazırdır. Lakin futbolçunun özü hazırda komandasının həlledici oyunlar keçirdiyini nəzərə alaraq, transfer məsələləri barədə düşünmək istəmir.
Çempionlar Liqasının cari mövsümündə iştirak edən Ağdam təmsilçisi, qrup mərhələsində "Benfika"nı 3:2 hesabı ilə məğlub edərək rəqib komandanın baş məşqçisi Bruno Lajenin istefasına səbəb olmuşdu.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırda Azərbaycan çempionatında ikinci pillədə qərarlaşıb. Klubun əsas hədəfi mövqeyini qoruyaraq növbəti mövsümdə Avropa Liqasına vəsiqə qazanmaqdır. Qeyd edək ki, "Qarabağ" 2025/26 mövsümündə Çempionlar Liqasının liqa mərhələsini 22-ci yerdə tamamlamış, daha sonra pley-off mərhələsində "Nyukasl"a uduzaraq mübarizəni dayandırmışdı. Turnir gedişatında Azərbaycan klubu Almaniyanın "Ayntraxt Frankfurt" komandası üzərində qazanılan qələbə kimi nüfuzlu nəticələrlə yadda qalıb.//Operativ Media