Nikol Paşinyan radikal-revanşistlərlə bağlı verdiyi vədin icrasına başlayıb. Onun haqlı olaraq, “üçbaşlı müharibə” partiyası adlandırdığı və Rusiyaya bağlı dağıdıcı qüvvənin əsas təmsilçilərindən biri – “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Çarukyan saxlanılıb. Dünən, hava limanında ölkəni tərk edərkən.
Artıq ona qarşı Cinayət Məcəlləsinin 290-cı maddəsi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi də başlanıb və ölkədən çıxışına qadağa qoyulub. Çarukyanın partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 3.99 faiz səs topladığı üçün mandatsız qalıb.
Görəsən, “Qaqo” tələm-tələsik, seçkilərdən cəmi iki gün sonra hara uçmaq istəyirmiş?..
Bu, sözsüz ki, özünü “yaxşı aparmayan” bütün digər sülh əleyhdarlarına ciddi mesaj və xəbərdarlıqdır. Hər halda, onlara qarşı da hakimiyyətin əlində kompromatların olduğu şübhə doğurmur.
Elə bu həbs fonunda “üçbaşlı müharibə” partiyasının digər odioz rəhbəri, erməni əsilli rusiyalı oliqarx, ev dustaqlığında olan Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının nümayəndəsi və qardaşı oğlu Narek Karapetyan öz aləmində Paşinyanı hədələyərək görün nə deyib. Sitat: “Sırf nəzəri olaraq, əgər bu gün “Vətəndaş Müqaviləsi” Partiyasından cəmi səkkiz deputat mövqeyini dəyişə, Paşinyan kreslosunu itirəcək”.
Hərçənd o, seçkilərdən dərhal sonra belə bir ssenarinin həyata keçməsinin olduqca çətin olacağını da etiraf edib. Bununla belə, Karapetyan qarşıdakı beş il ərzində müxalifətin bu yöndə tarixi fürsətə sahib olacağına əminlik ifadə edib.
(Haşiyə: Hakim “Mülki Müqavilə” Partiyası 7 iyun seçkiləri nəticəsində parlamentdəki 105 yerdən 64-nü qazanıb və yenidən təkbaşına hökumət formalaşdıracaq, konstitusion çoxluq üçün isə onun cəmi 6 deputatı çatmır)...
![]()
Narel Karapetyan əlbəttə ki, xam xəyalla yaşayır. Bu yerdə yada salaq ki, ötən 5 ildə hakim partiyanı cəmi iki deputat tərk edib. Onlardan biri müstəqil fəaliyyətə üstünlük verib, digəri – keçmiş xüsusi nümayəndə Edmon Marukyan isə özünə partiya yaradaraq seçkilərə qatılıb. Lakin 4 faizlik baryeri aşa bilməyib.
Qarşıdakı 5 ildə hakim fraksiyadan deputat “qoparmaq” isə qat-qat çətin olacaq. Çünki Paşinyan əvvəla, bəzi səhvlərdən artıq nəticə çıxarıb və maksimum ehtiyatlı hərəkət edəcək, daha diqqətli olacaq. Yəni, təcrübə məsələsi. Üstəgəl, davam etdirəcəyi islahatlar və kompromat savaşı hesabına ictimai rəyi “müharibə partiyasına” qarşı bir az da neqativ ovqata kökləyə biləcək.
Üçüncüsü, Paşinyana mandat itkisi yox, konstitusiya referendumu prosesinə başlamaq üçün əlavə daha 6 mandat lazım olduğundan, olduqca ölçülü-biçili hərəkət edərək, əsas hədəfə - Bakı ilə sülh anlaşmasına doğru irəliləyəcək. Odur ki, tam əksinə, Karapetyanın düşərgəsi təlaşlansın ki, onların deputatlarından kimlərsə “Mülki Müqavilə” fraksiyasına keçə bilər...
Bu xüsusda Marukyanın açıqlaması da diqqət çəkir. Nikol Paşinyanın keçmiş silahdaşı və partiyadaşı deyib ki, Paşinyan parlamentdə konstitusiya çoxluğunu təmin etməsə də, müxalifət düşərgəsindən bir çox deputatı kompromat hədəsi ilə öz tərəfinə çəkə biləcək. Onun sözlərinə görə, müxalifət siyahılarında çoxlu belə “həssas” adam var.
Qısası, son savaşın qapısı aralanıb. Maraqlı olacaq...
Zahid SƏFƏROĞLU