Mən uşaq olanda belə bir tapmaca var idi: “Halalar, ay halalar, Dağda dovşan balalar. Ayağından su içər, Dimdiyindən balalar”. Düzgün cavab da çəltik bitkisi, düyü idi. Ordakı “hala” sözü şərti olaraqmı işlənib, yoxsa “xala”, “hələ” mənalarını verir, bu barədə heç bir məlumatım yoxdur, hərçənd, bayatılarda belə mənasız ifadələrə rast gəlinir.
Lakin həmin tapmacanı indi məndən soruşsalar, doğru cavabın “kənd təsərrüfatı üçün subsidiya” olduğunu deyərdim. Bu sahədə həqiqətən qəşəng yeyintilər vardır, subsidiyalar “dimdiyindən balalayır”. 1 manatlıq əkinə 1000 manat alan lotular vardır. Hesablama Palatası bu istiqamətdə maraqlı rəqəmlər açıqlamışdı. Məsələn, peyk görüntülərinə əsasən, 117 min hektar ərazidə becərmə işləri aparılmadığı halda, 19 fermerə qanunsuz olaraq 24 milyon manat əkin subsidiyası verilmişdi. “Əkin” yoxdursa, biçin ola bilərmi? Ola bilərmiş... HP biçilməyən 45 min hektar üçün də dövlət büdcəsindən 10 milyon manat subsidiya alındığını açıqlamışdı.
Bu hesabatın nəticəsi necə oldu? Heç zad. Palata sədri Vüqar müəllimə bazarda alçanı 15 manatdan satdılar, bitdi, getdi.
İndi isə səbətdən gilas, papaqdan təzə qafiyə çıxıb, deyirlər, bağçılıq üçün də subsidiya veriləcək. Detalları tam bilmirəm, heç xəbəri yazan jurnalistlər də bilmirdilər, bir növ, ağızlarına gələni yazmışdılar, təxminən belə çıxırdı ki, kim bağ sahəsində bostan-mostan əksə, bunun üçün dövlətdən dotasiya almaq hüququ yaranırmış.
Pəh... Nə gözəl qərardır. Yəqin Bakı-Abşeron yarımadasında bağları olan məmurlarımız bundan belə dövlət büdcəsindən külli miqdarda dotasiya alaraq hər xiyar tağından 10 ton pomidor, hər sot noxudluqdan isə 1000 litr süd sağacaqdır. Maşallah, hamısının yaxşı, geniş bağları vardır, xalqı xilas etmək, yedirib-içirtmək üçün niyə o cür ərazilər boş qalsın? Hələ hovuzlarda balıqçılığa da dotasiya verilsə yaxşı olar.
Bəlkə yuxarıdakı abzası zarafat, qara yumor üçün yazdığımı düşünsəniz, xətrimə dəyərsiniz. Çünki bu halda sayın oxucularımın avamlığı ortaya çıxar, mən isə avamlar üçün bir hərf də cızmaqara eləmərəm. Bir-iki faktı xatırladım, özünüz baxın, fikirləşin, proqnoz edin ki, bağçılıq subsidiyasını gerçəkdə kimlər alacaq.
Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illərdə Novxanı kəndində subsidiya verdiyi fermer təsərrüfatları cəmi-cümü 2 dənə olmuşdu. Fermerlərdən biri Qalina Yuryevna Mehdiyeva ismini daşıyırdı, onun 113 hektar torpaq sahəsinə görə 5650 manat subsidiya verilmişdi. İkinci fermer isə Timur Ramizoviç Mehdiyev adındaydı, onun 42 hektarına da 2100 manat ayrılmışdı.
Bu kəndli yoldaşların soyadları təsadüfənmi eyni idi? Qalina Yuryevna kimdir?.. Nəsə, çox əllaməçilik etməyək, onlar sayın Ramiz Mehdiyevin övrəti və oğlu idi.
Təsəvvür edin, bu oliqarx məmur o boyda var-dövlətin, soyğunçuluğun yanında acgözlük edərək KTN-dən subsidiya, yardım almağa da ərinməmişdi. Biz olsaq bəlkə “əşşi, xırda-xuruşla nə işimiz” deyib vaz keçərdik, bunlar isə son damla manata qədər sümürməyə həvəslidir.
Ona görə də “bu dəfə bağ subsidiyasını kim alacaq” tapmacasının cavabını bulmaq bizə o qədər çətin olmamalıdır. Amma biz yazını başladığımız kimi bitirmək üçün dəxi bir tapmaca yazaq: “Qaradır, qarğa deyil, Qanadlıdı, quş deyil. Qoxu bilir, it deyil, Şirni yeyir, bit deyil”.
Düzgün cavabı ilk yazana milçəköldürən subsidiyası veriləcəkdir.