Medianews.az
ÜST: Ebola ilə bağlı yeni açıqlama –
164 baxış

ÜST: Ebola ilə bağlı yeni açıqlama – regional risk yüksəkdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada yayılan Ebola epidemiyası ilə bağlı yeni məlumat yayıb.

Medianews.az -ın məlumatına görə, qurumun baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, virusun yayılma riski milli və regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı qiymətləndirilir.

Onun sözlərinə görə, hazırda Konqo Demokratik Respublikasında 51 yoluxma faktı təsdiqlənib, lakin real sayın daha yüksək olduğu ehtimal edilir. Uqandada isə Konqodan gələn iki nəfərdə virus aşkarlanıb, onlardan biri həyatını itirib. Eyni zamanda bir ABŞ vətəndaşının da yoluxduğu və Almaniyaya təxliyə edildiyi bildirilir.

ÜST rəsmisi əlavə edib ki, təxminən 600 şübhəli yoluxma və 139 şübhəli ölüm qeydə alınıb. Xəstəliyin artıq şəhər ərazilərinə yayıldığı, tibb işçiləri arasında ölüm hallarının olduğu qeyd edilib. Bölgədə silahlı toqquşmaların artması nəticəsində 100 mindən çox insanın evlərini tərk etdiyi də vurğulanıb.

Qebreyesus bildirib ki, epidemiyaya qarşı təsdiqlənmiş peyvənd və müalicə yoxdur və virus Bundibugyo növü Ebola ilə bağlıdır.

ÜST həmçinin Uqanda hökumətinin kütləvi tədbiri təhlükəsizlik səbəbilə təxirə salmasını alqışlayıb və mübarizəni gücləndirmək üçün əlavə 3,9 milyon dollar vəsait ayırdığını açıqlayıb.

Medianews.az

Bizə qoşulun