Azərbaycan türməsində layiq olduğu cəzanı çəkən erməni maliyyə fırıldaqçısı və cinayətkar Ruben Vardanyan az öncə Vatslav Havel adına İnsan Hüquqları Mükafatına namizəd irəli sürülüb. Avropalı bir qrup dələduzun korrupsiya “qoxusu” verən bu təşəbbüsü, sözsüz ki, hər şeydən əvvəl təməl insan haqları anlayışının özünə tüpürməkdir. Vardanyan vicdan məhbusu sayılırsa, onda biz də gərək kosmonavt hesab edilək.
Ukraynalı tanınmış jurnalist Dmitri Qordonun bu xüsusda baxışı da maraqlıdır. Qordon kinayə ilə görün nə deyib. Sitat: “Ruben Vardanyan üçün hansı Havel mükafatından danışırıq? Mükafatı dərhal Putinə verin, Vardanyana yox” (Təbii ki, Qordon Rusiyanın 5 ildir Ukraynada törətdiyi hərbi cinayətlərə və mükafatın gözdən salınması cəhdlərinə eyham vurur)...

Yada salaq: vaxtilə Rusiya vətəndaşlığı daşımış Ruben Vardanyanı Qarabağa qanunsuz şəkildə məhz Putin göndərmişdi. Bir növ “desant” qismində. Məqsəd 2-ci Qarabağ müharibəsindən sonra oyuncaq rejimə Rusiya hərbi kontingentinin də dəstəyi ilə təzə “nəfəs” vermək, daha sonra isə imkan düşən kimi onu Paşinyanı devirmək üçün Ermənistana, “qəhrəman” obrazında tullamaq idi. Planlar puç oldu. Daha doğrusu, Bakı puç elədi.
Havel mükafatına gəlincə, əslində, təəccüblü bir şey yox. Biz belə riyakar yanaşmanı erməni işğalı dövründən yaxşı bilirik. Söhbət yalnızca Qərbin xristian təəssübkeşliyi və Türkofobiyadan qaynaqlanan “ikili standart” siyasətindən getmir. Bəllidir ki, SSRİ, ardınca isə Rusiya da keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı heç vaxt beynəlxalq hüquqa uyğun mövqe tutmayıb.
Halbuki Moskva istəsəydi, erməni separatizmini “bələyindəcə” boğar, konflikti dərhal və ədalətli şəkildə yoluna qoyardı. Etmədi, çünki ona münaqişənin çözümü yox, idarə olunması lazım idi. Ki, həm Azərbaycanı, həm də Ermənistanı daim öz orbitində saxlasın, onları dünya ilə çoxtərəfli əlaqələr qurub inkişaf eləməyə qoymasın. Təsadüfi deyil ki, Putin başda olmaqla, Rusiyanın ali rəsmiləri, həmçinin, bir çox deputatı və eksperti Nikol Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədi imzaladığı üçün indiyədək bağışlaya bilmirlər...
Bu da qətiyyən təsadüfi deyil ki, ATƏT-in üzdəniraq Minsk Qrupunun üç həmsədrinin hər üçü – Rusiya, ABŞ və Fransa on illərlə erməni işğalına və separatçılara kömək edib. Biri silahla, digəri pul-maliyyəsi ilə, üçüncüsü siyasi-mənəvi himayə ilə, öz ərazisində saxta “nümayəndəlik” açmaqla. Hətta Azərbaycanı işğalla barışdırmağa çoxsaylı cəhdlər olub.
Sonrası məlum. Müzəffər Ordumuz 44 +1 günə problemi kökündən və həmişəlik bitirdi. Təcavüzkar Ermənistan cəzasını aldı, Qarabağda Azərbaycana meydan oxuyan separatçı yuva darmadağın, yeri isə “dezinfeksiya” edildi. Prosesin məntiqi davamı kimi xuntaçıların bir çoxuna Bakıda ədalət məhkəməsi quruldu və onlar haqq elədiyi cəzaları aldılar...
Amma diqqət edin, məhkəməni utanmazcasına “tamaşa” adlandıranlar Qərbdəki və Rusiyadakı eyni çevrələrdir. Zatulin çaplı şarlatanlar və siyasi dələduzlardır. Yəni yenə mövqe oraqlığı! Hərçənd, Avropa Birliyi (AB) Rusiya ilə “qanlı bıçaq” durumundadır, amma baxın, Vardanyan məsələsində, erməni məsələsində necə də vahid hədəfə vurur, yaxa cırırlar. AB-nin üç ildir sərhədimizdə sülənən Azərbaycan haqda “təhlükəli qonşu” imici yaratmağa çalışan “casus missiyası” da eləcə.
Əlbəttə ki, Azərbaycan əleyhinə bu qəbil demarşlar birinci növbədə tarixi qələbəmizi heç cür “həzm edə” bilməməkdən irəli gəlir – istər Brüssel olsun, istərsə də Moskva. Ancaq qəbullanmaq zorundadırlar. Həm də bunu nə qədər tez eləsələr, bir o qədər özlərinə faydası dəyər. Azərbaycanın itirəcəyi bir şey yox. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edib sərhədlərimizi tam nəzarətə götürmüşük. Separatçıların “qatarı” gedib. Geridönməz şəkildə.
Vardanyan və onun cinayət ortaqlarının haqq elədiyi ən böyük “mükafat”ı isə Bakı artıq onlara verib. Ağılları olsa, onun qiymətini bilər, nəticə çıxararlar...
Z. SƏFƏROĞLU