"Tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfədoktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır".
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqdakı çıxışında deyib.

O bildirib ki, həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir:
"Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".