XXI əsr tez-tez psixoloji xəstəliklər dövrü kimi xarakterizə edilir. Həm dünyada, həm də Azərbaycanda psixi pozuntularla mübarizə aparan insanların sayı artmaqdadır. Bu tendensiya gələcəyə baxışı bir qədər qaranlıq edə bilər. Bu gün ölkəmizdə müraciət edən pasiyentlər arasında ən çox hansı psixi xəstəliklər müşahidə olunur? Başqa sözlə, insanlar daha çox hansı psixi problemlərdən əziyyət çəkirlər?
Medianews.az mövzu ilə bağlı tanınmış psixoloqlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
Azad İsazadə:
“Bu mövzu yalnız Azərbaycanda deyil, bütün dünyada aktualdır. İnsanlar arasında ən çox rast gəlinən xəstəliklər depressiya, həyəcan pozuntuları və panik atakdır. Gənclər arasında isə davranış pozuntuları, qapanma və kommunikasiya problemləri daha çox müşahidə olunur. Bunun əsas səbəblərindən biri virtual münasibətlərin artmasıdır. Nəticədə gənclər real ünsiyyətdə çətinlik çəkirlər”.
Aytən Ələkbərova:
“Bu gün müraciət edən pasiyentlər arasında daha çox psixi xəstəliklər müşahidə olunduğu kimi, psixoloji pozunutular da müşahidə olunur. Daha çox obsessiv-kompulsiv pozuntu, şəxsiyyət pozunutusu və üzvi mənşəli şəxsiyyət pozuntusu kimi xəstəlikləri sadalayardım”.
Əli Xəlilov:
“Son illərdə cəmiyyətdə psixoloji dəstəyə maraq artıb və insanlar bu sahədə daha çox məlumatlı olmağa başlayıblar. Buna baxmayaraq, psixoloji yardımın mahiyyəti və vacibliyi hamı tərəfindən tam dərk edilmir. Əksər hallarda insanlar bir deyil, bir neçə psixoloji narahatlıqla müraciət edirlər.
Ən çox rast gəlinən psixi narahatlıqlararasında panik ataklar, depressiya növləri: major, maskalanmış, atipik, postnatal, rekurrent, distimiya (xroniki depressiya) və obsessiv-kompulsiv pozuntulardır.
Digər tez-tez rast gəlinən problemlər isə yeniyetməlik dövrü böhranları, psixogen cinsi disfunksiyalar, yuxu pozuntuları, davranış pozuntuları, stres və stresin idarə olunması (xüsusilə abituriyentlər arasında imtahan stresi), şəxsiyyət pozuntuları (psixiatrla birgə müalicə edilir) qeyd edə bilərəm.
Bu problemlərin həllində zamanında peşəkar psixoloji dəstək almaq çox vacibdir. Xüsusilə travmatik hadisələrdən sonra psixoloji yardıma ehtiyac duyan insanlara dəstək göstərmək cəmiyyətimizin psixi sağlamlığını qorumaq üçün önəmlidir”.
Gülər Məmmədova:
“Əksəriyyəti daxili həyəcan pozuntusundan əziyyət çəkir. Ümumiyyətlə, əsəb və stress - insanların bir-birlərini qəbul edə bilməməsindən qaynaqlanır. Hər kəs öz doğrularını haqlı hesab edir. Bu isə bəzən anlaşılmazlıqlara səbəb olur. İnsanlar əvvəlcə sözlə, sonra isə emosional reaksiyalarla cavab verirlər. Düzdür, bu gün fiziki şiddət o qədər də geniş yayılmasa da, insanlar arasında mənəvi uzaqlaşma artır. Bir-birlərini idarə edə bilmədikləri və qeyri-müəyyən həyat axarını dərk edə bilmədikləri üçün həyəcan pozuntusu yaşayırlar. Bu vəziyyət insanlarda qorxu, təşviş və təlaş yaradır, onların gündəlik fəaliyyətinə, şəxsi həyatına və kariyerasına mane olur”.
Günel Aslanova:
“Pasiyentlərim arasında Travma, Həyəcan Pozuntuları və Əhval Pozuntuları yaşayanlar daha çoxluq təşkil edir”.
Oğuz Ayvaz,
Medianews.az