Medianews.az
At ilinin adamları 2026-dan nə gözləyir?
298 baxış

At ilinin adamları 2026-dan nə gözləyir?

2026-cı il Şərq təqvimi ilə at ilidir. Medianews.az at ilində doğulmuş azərbaycanlı məşhurlara “2026-cı ildən ən böyük istəyiniz nədir” sualını ünvanlayıb.

1954-cü il təvəllüdlü Əməkdar jurnalist, professor Qulu Məhərrəmli şəxsi planda xüsusi arzu-istəyi olmadığını bildirib: “Əziz, doğma adamların sağlamlığını istəyirəm. Yarımçıq qalmış yazı-pozuları tamamlamaq arzum var. Bəzi natamam dərsliklər var, onların üstündə işləyib çatdırmağa çalışıram.

Geniş planda isə istəyirəm ölkəmizdə əmin-amanlıq, firavanlıq olsun. İnsanların yaşayışı, sosial vəziyyəti yaxşılaşsın. İlk növbədə içdən, daxildən rahat olsunlar. İşğaldan azad edilmiş bölgələrimizdə quruculuq işləri sürətlənsin. Oraya can atan çoxlu soydaşımız var, onların tezlikdə öz yurdlarına qayıtmalarını arzulayıram. Dünyada sülhün, əmin-amanlığın olmağını istəyirəm”.

72 il əvvəlin at ilində - 1954-cü ildə doğulmuş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu öncə vurğulayıb ki, illərin astroloji izahına inanmır, yeni ilə yalnız təqvim dəyişikliyi kimi yanaşır: “2026-cı ildə qlobal böhranın dərinləşəcəyini, Azərbaycanda da vəziyyətin kritik olacağını düşünürəm. Bu baxımdan gələn ildən ümumən müsbət bir şey gözləmirəm. İl ağır keçəcək.

Şəxsi planda isə ən böyük arzularımdan biri yazdığım kitabların heç olmasa bəzilərini çap etdirmək imkanı qazanmaqdır. Qurani-Kərimin çoxcildli elmi izahını yazmışam, sponsor tapsam, çap etdirəcəm. İlahiyyat, siyasət, tarixin metafizikası ilə bağlı üç cild kitab yazmışam. 5-6 ildir hazırdır, unu nəşr etdirmək istərdim. Metafizika ilə bağlı iki cildlik kitab qələmə almışam, çox orijinal əsərdir, onu çap etdirməyi arzulayıram”.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir qeyd edib ki, 2026 adi at ili deyil, 60 ildən bir təkrarlanan çılğın, yaxud alovlu at ilidir: “Mən alovlu at ilində - 1966-cı ildə doğulmuşam. Qarşıdan gələn il mənim ilimdir. 60 yaşım tamam olur, yubiley gözləntilərim var. Yubileyi keçirmək, kitablarımı çıxarmaq, xaricdə dərc olunmaq istəyirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi ötən ildən qalan layihələrim var, onları gerçəkləşdirməyə çalışıram”.

At ilində hərbi olayları mümkün sayan Əsəd Cahangir “Allah xalqımıza kömək olsun!” deyib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun