Medianews.az
DƏHŞƏT: Zibil konteynerində 33 ölü pişik tapıldı –
70 baxış

DƏHŞƏT: Zibil konteynerində 33 ölü pişik tapıldı – baytar həbs edildi

Türkiyənin İzmir şəhərinin Buca rayonunda zibil konteynerində onlarla ölü pişiyin tapılması ölkədə böyük rezonans doğurub. Hadisə ilə bağlı saxlanılan baytar Hakan Erdem yenidən məhkəmə qarşısına çıxarılıb və həbs olunub.

Medianews.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Barış məhəlləsində yerləşən Adnan Kahveci küçəsində qeydə alınıb.

Məlumata görə, zibil konteynerinin yanında qoyulmuş kisələrdən şübhələnən sakinlər polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları kisələrin içərisində ümumilikdə 33 ölü pişiyin olduğunu müəyyən ediblər. Ölən heyvanların bəzilərinin pişik balaları olduğu bildirilib.

İzmir Respublika Baş Prokurorluğunun başladığı araşdırma çərçivəsində baytar Hakan Erdem saxlanılıb. O, “ətraf mühiti qəsdən çirkləndirmək” və “ev heyvanını qəsdən öldürmək” maddələri ilə ittiham olunub.

Baytar ilkin olaraq məhkəmə nəzarəti altında sərbəst buraxılmışdı. Lakin bu qərar sosial mediada və heyvansevərlər arasında ciddi etirazla qarşılanıb.

Bundan sonra prokurorluq qərardan apelyasiya şikayəti verib. Şikayətin qəbul edilməsindən sonra Hakan Erdem yenidən saxlanılıb və məhkəmə qərarı ilə həbsxanaya göndərilib.

33 ölü pişiyin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və hadisə ictimai qəzəbə səbəb olub. Heyvan hüquqları müdafiəçiləri istintaq prosesini yaxından izləyəcəklərini bildiriblər.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Medianews.az  

Bizə qoşulun