Colombianın cənubundakı Quaviare bölgəsində keçmiş FARC üzvlərindən ibarət iki silahlı qrup arasında baş verən toqquşmalar nəticəsində azı 50 nəfər həyatını itirib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma San Jose del Guaviare kənd ərazisində qeydə alınıb.
Məlumata görə, toqquşmalar keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) dissident qrupları arasında narkotik qaçaqmalçılığı marşrutları və strateji ərazilərə nəzarət uğrunda yaranan mübahisələr səbəbindən başlayıb.
Kolumbiya ordusunun açıqlamasına əsasən, qarşıdurma “İvan Mordisko” ləqəbli Nestor Gregorio Vera tərəfindən idarə olunan Estado Mayor Central (EMC) qrupu ilə “Kalarka” ləqəbli Aleksandr Diaz Mendozanın rəhbərlik etdiyi EMBF silahlıları arasında baş verib.
Toqquşmalarda hər iki tərəfdən çox sayda silahlının, o cümlədən yüksək rütbəli şəxslərin öldüyü bildirilir.
Hadisədən sonra Kolumbiya ordusu bölgəyə əlavə hərbi qüvvələr göndərib. Ordunun yaydığı bəyanatda 22-ci Briqadanın bölmələrinin San Jose del Guaviare ərazisində strateji mövqelərə yerləşdirildiyi qeyd olunub.
Bildirilib ki, əməliyyatın əsas məqsədi mülki əhalinin qorunması, təhlükəsizliyin gücləndirilməsi və bölgədə nəzarətin təmin edilməsidir.
Ekspertlərin fikrincə, Kolumbiyada silahlı qruplar arasında davam edən qarşıdurmalar əsasən narkotik daşınması yolları, qanunsuz iqtisadi fəaliyyət və koka plantasiyalarına nəzarət uğrunda mübarizə ilə bağlıdır.
Xatırladaq ki, Kolumbiya hökuməti ilə FARC arasında 53 illik münaqişəyə son qoyan tarixi sülh sazişi 24 noyabr 2016-cı ildə imzalanmışdı. Lakin bəzi keçmiş FARC üzvləri bu razılaşmaya qoşulmayaraq sonradan müxtəlif silahlı qruplar yaradıb.
Medianews.az