Türkiyədə keçirilən AK Partiyanın “Genişləndirilmiş Vilayət Sədrləri Yığıncağı”nda yaşanan bir an sosial mediada geniş müzakirələrə səbəb olub.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afyonkarahisar Bələdiyyə Başçısı Burcu Köksal və CHP-dən ayrılan Dinar Bələdiyyə Başçısı Veysel Topçu mərasim zamanı AK Partiyaya qoşulublar.
Bununla yanaşı, hər iki bələdiyyədən ümumilikdə 8 məclis üzvü də partiyaya keçib.
Mərasimdə yeni üzvlərə döş nişanlarını Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.
Təqdimat zamanı kameralara düşən bir məqam isə diqqət mərkəzinə çevrilib. AK Partiyaya keçən bələdiyyə məclis üzvlərindən birinin Prezident Ərdoğanın əlini öpdüyü an sosial şəbəkələrdə sürətlə yayılıb.
Görüntülər qısa müddətdə minlərlə istifadəçi tərəfindən paylaşılıb və müxtəlif reaksiyalar doğurub. Sosial media istifadəçiləri həmin anı mərasimin ən diqqət çəkən detalı kimi qiymətləndiriblər.