"Azərbaycanda 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq".
Medianews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılmasının növbəti mərhələsi çərçivəsində 115 min müəllim yeni islahatın əhatə dairəsinə daxil ediləcək.
Təqdimata əsasən, sertifikatlaşdırmada uğurlu nəticə göstərən müəllimlər iki kateqoriyaya bölünəcək. Onların bir hissəsi tamştatlı müəllim statusu alacaq, digər hissəsi isə əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllim kimi fəaliyyətini davam etdirəcək.
Qeyd olunub ki, islahat çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.
Nazir vurğulayıb ki, tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar.
Sertifikatlaşdırmada uğursuz nəticə göstərən müəllimlərdən bir qismi köməkçi müəllim kimi fəaliyyət göstərəcək, digər qisminin isə əmək müqaviləsinə xitam veriləcək.