Medianews.az
Putin “Qırmızı terror” banisinin adını akademiyaya verdi
125 baxış

Putin “Qırmızı terror” banisinin adını akademiyaya verdi

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTB) akademiyasına sovet dövründə gizli polisin - Ümumrusiya Fövqəladə Komitəsinin (xalq arasında ÇK kimi tanınırdı) qurucusu Feliks Dzerjinskinin adının verilməsi haqda fərman imzalayıb.

Medianews.az bildirir ki, “Dəmir Feliks” ləqəbi ilə ad çıxarmış polyak əsilli Dzerjinski 1917-ci ilin bolşevik inqilabından sonra uzun illər ÇK-ya rəhbərlik edib. Bu qurum Xalq Daxili İşlər Komitəsinin (NKVD), Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) sələfi sayılır. Bu baxımdan hazırkı Federal Təhlükəsizlik Xidmətinin (FTB) də sələfi sayıla bilər.

ÇK Rusiyada vətəndaş müharibəsi və “Qırmızı terror” dövründə kütləvi edamlar həyata keçirib.

Putinin fərmanında Dzerjinskinin “dövlət təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdiyi” vurğulanıb.

Dzerjinskinin adı KQB-nin ali təhsil müəssisəsi kimi tanınan akademiyandan (yəni hazırkı FTB akademiyasından) Sovet İttifaqı dağılandan sonra - 1992-ci ildə götürülmüşdü.

Keçmiş KQB, sonradan isə FTB zabiti olan Putin SSRİ-nin süqutunu “XX əsrin ən böyük geosiyasi fəlakəti” sayır və sovet dövrünün simvollarının tədricən bərpa edir.

2023-cü ildə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mərkəzi qərargahında Dzerjinskiyə abidə qoyulub. Həmin heykəl vaxtilə Moskvada, Lubyanka meydanında qoyulan və 1991-ci ilin avqustunda SSRİ-də dövlət çevrilişinə cəhd zamanı etirazçılar tərəfindən aşırılan nəhəng abidənin surətidir.

Medianews.az

Bizə qoşulun