Bakıda nəqliyyat sıxlığı uzun illərdir həm sürücülərin, həm də sərnişinlərin ən çox narazılıq etdiyi problemlərdən biri olaraq qalır. Bu problemin həlli istiqamətində dövlət tərəfindən müxtəlif addımların atılması müzakirə olunur. Hazırda hökumət dəyişkən iş qrafikinin tətbiqini nəzərdən keçirir və əsas məqsəd pik saatlarda yollardakı yüklənməni azaltmaqdır. Yeni modelə əsasən, dövlət və özəl müəssisələrin fərqli saatlarda fəaliyyət göstərməsi nəzərdə tutulur. Dövlətin planlaşdırdığı dəyişkən iş qrafiki nəqliyyat sıxlığını azalda bilərmi? Bu sistemin tətbiqi zamanı hansı çətinliklər yarana bilər? Dünya ölkələrində tətbiq olunan bu model Azərbaycanda uğurlu ola bilərmi?
Mövzu ilə bağlı Medianews-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması üçün əsas məsələ qəbul olunmuş dövlət proqramının mərhələli və tam icrasıdır. Onun sözlərinə görə, proqram yalnız yolların genişləndirilməsini deyil, bütövlükdə şəhərin mobillik sisteminin yenilənməsini nəzərdə tutur:
“Burada əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xətlərinin genişləndirilməsi, tramvayın yenidən şəhərə qaytarılması və şəhərətrafı elektrik qatarlarının gücləndirilməsi prioritet istiqamətlərdir. Elektrik qatarları gələcəkdə yerüstü metro kimi fəaliyyət göstərməlidir. Hazırda bu nəqliyyat vasitəsindən gündə təxminən 42 min nəfər istifadə edir, perspektivdə isə sərnişin sayının 200 minə çatdırılması planlaşdırılır”.
Ekspert vurğulayıb ki, Bakıətrafı ərazilərdə əhali artımı nəqliyyat yükünü daha da artırır:
“Xırdalan, Sumqayıt, Binə, Maştağa və digər yaşayış məntəqələrində əhali sayı sürətlə çoxalıb. Bu ərazilərin bir çoxu artıq ayrıca böyük şəhər miqyasında yaşayış məkanına çevrilib. Belə şəraitdə şəhərətrafı dəmir yolunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Qatarların hərəkət intervalı azaldılmalı və texniki imkanlar yenilənməlidir. Qatarların 15-20 dəqiqə aralıqlarla işləməsi təmin olunmalıdır. Bunun üçün yeni qatarların alınması, siqnalizasiya və idarəetmə sistemlərinin müasirləşdirilməsi vacibdir. İş saatlarının fərqli vaxtlara keçirilməsi də müəyyən qədər kömək edə bilər. Bu, sıxlığı tam aradan qaldırmasa da, gün ərzində yükün bölüşdürülməsinə təsir edər”.
Ekspert əlavə edib ki, sərnişindaşıma imkanlarının artırılması da vacibdir:
“Mövcud şəhərətrafı qatarlar təxminən 500 sərnişin daşıyır. Metro tipli vaqonlar isə 3 dəfə daha çox sərnişin daşıma imkanına malikdir. Eyni xətt və relslər üzrə qatarın tipini dəyişməklə sərnişin daşıma gücünü 3 dəfə artırmaq mümkündür. Dəmir yolu ətrafında təhlükəsizlik tədbirləri də gücləndirilməlidir. Yaşayış məntəqələrində əlavə keçidlər yaradılmalı, ərazilər işıqlandırılmalı, piyadalar üçün şərait yaxşılaşdırılmalıdır. Stansiyalar müxtəlif nəqliyyat növlərinin birləşdiyi mərkəzə çevrilməlidir ki, insanlar metrodan avtobusa və ya qatara rahat keçə bilsin”.
Ekspert sonda deyib ki, tıxaclar dünyanın bütün böyük şəhərlərində mövcuddur və əsas məsələ alternativlərin artırılmasıdır:
“Avtobus zolaqlarının genişləndirilməsi, mikromobillik vasitələrinin inkişafı və piyadalar üçün şəraitin yaxşılaşdırılması vacibdir. Ümumiyyətlə, Bakı şəhərində qısa məsafəli hərəkət üçün piyada infrastrukturu bərbad haldadır. Şəhərin həm uzun, həm də qısa küçə və prospektlərində rahat hərəkət etmək çətindir. Bunun əsas səbəbi piyada səkilərinin davamlı olmaması və tez-tez maneələrlə məhdudlaşdırılmasıdır. Bu problemlərin aradan qaldırılması isə təxirəsalınmaz xarakter daşıyır”.
Oğuz Ayvaz
Medianews.az