Medianews.az
Bir müraciətin sirri –
134 baxış

Bir müraciətin sirri – 1988-ci ildə, 17 noyabrdan 5 gün öncə xalqa müqavimət siqnalı verilib

Dünən tanınmış jurnalist Azər Rəşidoğlunun arxivdən paylaşdığı bir qəzet məqaləsində indiyədək fikir vermədiyimiz detallar var. Onlara bu gündən baxanda bəzi yeni qənaətlərə gəlmək olur.

Həmkarımız "Kommunist" qəzetinin 12 noyabr 1988-ci il tarixi sayında dərc olunmuş “Topxananın harayı” başlıqlı məqalə-müraciətin Azərbaycan KP MK-nın mətbu orqanı olan qəzetdə dərc edilməsini hələ də anlaşılmaz sayır və yazır ki, bu kiçik yazı imperiyanın çöküşündə mühüm rol oynadı...

Xatırladaq ki, həmin vaxt Kommunist qəzetinin baş redaktoru kompartiyanın birinci katibi Əbdürrəhman Vəzirovun yaxın adamı kimi tanınan yazıçı-jurnalist Cəmil Əlibəyov idi.

Məlum olduğu kimi, Azərbaycanda xalq hərəkatının başlanğıc tarixi 17 noyabrdan (Dirçəliş günü) başlayır. Məhz həmin gün Azərbaycan xalqı Qarabağ uğrunda mübarizə aparmaq üçün meydanlara axışdı. Bu məqalə isə həmin tarixi gündən 5 gün əvvəl ölkənin 1 nömrəli qəzetində dərc olunub və yüz minlərlə insanın ayağa qalxması üçün siqnal rolunu oynayıb.

Düzdür, hələ 1988-ci ilin fevralında ermənilər İrəvanda və indiki Xankəndidə “miatsum” (“balanın anaya qovuşması”) şüarı ilə Qarabağı Ermənistana birləşmək üçün hərəkata başlayanda Bakıda da bir qrup gənc ziyalı o vaxtkı “Spartak” stadionunun girişində (köhnə avtovağzalın yanı, Nəsimi “voenkomat”nın arxası) etiraz toplantısı keçirmişdilər. Amma onların sayı 100-150 civarındaydı.

meyd.jpeg (16 KB)

12 noyabrda siqnalı verilən hərəkətlənmənin miqyası isə böyük oldu, cəmi 1 həftədən sonra meydana yüz minlərlə insanı toplaşdı.

Buna qədər Moskva, Bakı və İrəvanda körpünün altından çox sular axmışdı.

armmiat.jpg (621 KB)

Ermənilərin Qarabağı Azərbaycandan elə 1988-ci ilin birinci yarısında qoparmaq cəhdi alınmamışdı. Bu, onların A planı idi. Ermənilər düşünürdülər ki, SSRİ-də başlanmış yenidənqurma kampaniyasından yararlanacaq, İrəvan və Xankəndidə kütləvi aksiya keçirərək Qarabağı tələb edəcək, Moskvaya təzyiq göstərəcəklər və Kreml “əzabkeş erməni xalqının tarixi və haqlı tələbi”ni nəzərə alacaq, Siyasi Büronun qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirəcək.

Onların buna ümidi böyük idi və düşünürdülər ki, indiyədək kiçik torpaq ərazilərini Azərbaycandan, demək olar ki, müqavimətsiz aldıqları kimi bunu da bacaracaqlar. Ermənilər Bakıdan dirəniş gözləmirdilər, əsas məsələ Moskvadan rüsxət almaq idi.

Ancaq o dövrdə Azərbaycan kommunistlərinin sırasında, kompartiyanın rəhbərliyində təmsil olunan bir sıra (hamısı yox) şəxslər məxməri şəkildə olsa da, ermənilərin avantürasına qarşı olduqlarını, xalqımızın bununla barışmayacağını Kremlin diqqətinə çatdırdılar, Qafqazda belə şeyin çox təhlükəli olduğunu anlatdılar. Bu da Azərbaycan tərəfinin A planı idi: Moskvayla qarşıdurmaya getməmək, milli münaqişəyə yol verməmək, sabitliyi qoruyub saxlamaq.

Bu intrqianın ayırdetmə prosesi 1988-ci ilin iyununda Moskvada baş tutdu. SSRİ rəhbəri Mixail Qorbaçov təşəbbüs qaldırdı və iki müttəfiq respublikanın yeni rəhbərlərinin, məşhur elm və ictimai xadimlərinin iştirakı ilə Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr olunmuş müşavirə təşkil olundu.

2011-ci ildə bu mövzuda yazdığımız bir yazıda həmin görüş bu cür təsvir edilib: “Ermənistanın nümayəndə heyətinə, bir-iki ay öncə istefaya göndərilən Karen Dəmirçiyanın yerinə təyin olunmuş Suren Arutyunyan, Azərbaycanın nümayəndə heyətinə isə Ə.Vəzirov rəhbərlik edirdi.
Həmin müşavirədə bariz şəkildə üzə çıxdı ki, erməni nümayəndəliyinin üzvləri çox fəaldırlar, azərbaycanlılar isə zəifdir. Erməni akademiklər, xüsusilə də  Ambarsumyan qardaşları, rəssam İgityan Qorbaçovla söz güləşdirirdilər, bizim elm və ictimai xadimlər onların qarşısında gücsüz, dişsiz təsir bağışlayırdılar”.

Ancaq sonra müşavirənin axarı dəyişdi. Azərbaycan nümayəndə heyəti təşəbbüsü ələ aldı, parlaq çıxışlar etdilər. İnsafən, Qorbaçov da Azərbaycan tərəfinin gətirdiyi daşdan keçən arqumentləri nəzərə aldı, yekun çıxış edərkən 1945-ci ildə Ermənistanda, xüsusilə İrəvanda yaşayan azərbaycanlıların sayı ilə 1988-ci ilin statistikasını müqayisə etdi və dolayısı ilə ermənilərin etnik təmizləmə siyasəti apardıqlarına işarə etdi, sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini bildirdi.

Bu dönüşü gözləməyən erməni nümayəndələr çox pərt oldular, Azərbaycan tərəfi isə müşavirədən razı çıxdı.

Məhz o görüşdən sonra ermənilər B planının reallaşdırılmasına start verdilər. Bu plan birbaşa Bakıya təzyiq göstərməyi, zor yoluna qədəm qoymağı və açıq saymazlıq etməyi nəzərdə tuturdu.

Ermənilər payıza doğru Qarabağda vəziyyəti gərginləşdirdilər, azərbaycanlılar yaşayan kəndlərə ilk hücumlar təşkil etdilər, yolkəsmələr, avtomobilləri daşabasmalar qeydə alındı. Topxana meşəsindəki qoruq ərazisində ağacların kəsilməsi isə, necə deyərlər, bardağı daşıran son damla oldu.

“Kommunist” qəzetində dərc olunan “Topxananın harayı” başlıqlı materialın dərc olunması bu şəraitdə baş verdi.

topx-2.JPG (42 KB)

Bu, Azərbaycan rəhbərliyinin B planı idi. Artıq kompartiya rəhbərliyi anlayırdı ki, mütəşəkkil halda ayağa qalxaraq, Qarabağı qamarlamaq istəyən ermənilərin qarşısına xalqın gücüylə çıxmaq lazımdır. Noyabrın 17-də xalq kütlələri, alimlər, tələbələr, fəhlələr meydana axışanda respublika rəhbərliyi nəinki kütləvi etiraz aksiyalarına mane oldu, hətta ona pərdə arxasından lazımi dəstək verdi. Meydanın insan resursu ilə, ərzaqla təminatında partiya-sovet-təsərrüfat fəallarının böyük rolu vardı.

Beləcə, Azərbaycanın B planı ermənilərinkindən güclü çıxdı. Ermənilər DQMV-i xoşluqla, təzyiqlə əldə edə bilməyəcəklərini anlayaraq silahlı savaşa qərar verdilər. Sonrakı hadisələri də bilirsiniz.

Başqa sözlə, ta 2020-ci ilə qədər biz ölkə olaraq ermənilərin planlarına qarşı əks-plan tətbiq etməklə məşğul olmuşuq. Fitnəkar təşəbbüslər həmişə onlardan gəlib. Yalnız 2020-dən sonra bizim A planı reallaşmağa başladı və münaqişə, demək olar ki, həll olundu.

Bu baxımdan 1988-ci ildə ölkəmizdə xalq hərəkatının başlanmasında o vaxtkı rəhbərliyin rolu olub. Sadəcə, bir şeyi qarışdırmayaq. Bu, SSRİ DTK-sının iradəsi ilə əmələ gələn hərəkat deyildi. Bu, yerli kompartiyanın rəhbərliyindəki vətənpərvər qüvvələrin iradəsi nəticəsində ortaya çıxmışdı. Onlar da sırf el-oba, yurd-torpaq təəssübkeşliyi ilə Qarabağın Ermənistana verilməsini istəmirdilər.

topx-1.JPG (39 KB)

“Topxananın harayı” başlıqlı materialın “Kommunist” qəzetində dərc olunmasının sirri bundadır. Həmin materialı qəzetin bölgə müxbiri Firudin Rəsulov hazırlayıb. Müraciətdə ermənilərin də adları var və bu da həmin məktubun MK-nın təşəbbüsü ilə imzalandığının göstəricisidir.

Xalid KAZIMLI

Bizə qoşulun