Yuxunun yaxşılaşdırılması üçün geniş istifadə olunan melatonin preparatının uzunmüddətli qəbulu ürək sağlamlığı üçün risk yarada bilər.
Bu barədə məlumat "Circulation" jurnalında dərc olunan yeni araşdırmada yer alıb.
Melatonin insan orqanizmində gecə saatlarında ifraz olunan və bioloji saatı tənzimləyən hormondur. Onun sintetik forması bir çox ölkədə, o cümlədən ABŞ-də reseptsiz satılır və yuxusuzluğun aradan qaldırılması üçün istifadə olunur.
Tədqiqat çərçivəsində ABŞ, Böyük Britaniya və digər ölkələrdən yuxusuzluqdan əziyyət çəkən 130 mindən çox yetkin şəxsin elektron tibbi məlumatları təhlil edilib. Nəticələr göstərib ki, bir ildən artıq müddətdə melatonin qəbul edən şəxslərdə sonrakı beş il ərzində ürək çatışmazlığı riski preparatdan istifadə etməyənlərlə müqayisədə 89 faiz daha yüksək olub.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, uzunmüddətli melatonin istifadəçilərində ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə ehtimalı təxminən 3,5 dəfə çoxdur. Bundan əlavə, bu qrupda istənilən səbəbdən ölüm riski də təxminən iki dəfə yüksək qeydə alınıb.
Alimlər qeyd edirlər ki, tədqiqat melatoninin birbaşa ürək çatışmazlığına səbəb olduğunu sübut etmir. Bununla belə, əldə olunan nəticələr preparatın uzunmüddətli istifadəsinin daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu göstərir.
Tədqiqatın müəlliflərindən olan tibb alimi Ekenediliçukvu Nnadi bildirib ki, melatonin adətən təhlükəsiz və təbii yuxu vasitəsi hesab olunur. Buna görə də onun sağlamlıq üçün bu qədər ciddi risklərlə əlaqələndirilməsi mütəxəssislər üçün gözlənilməz olub.
Hazırda melatoninin 1-2 ayadək qısamüddətli istifadəsi təhlükəsiz hesab edilir. Alimlər isə uzunmüddətli təsirlərin dəqiq müəyyənləşdirilməsi üçün əlavə klinik tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar./Redaktor.az/