Adətən dondurucuda ət, tərəvəz və göbələk saxlamağa öyrəşmişik. Lakin məlum olur ki, dondurmaqla saxlanma müddətini uzatmaq və yemək bişirmə prosesini asanlaşdırmaq mümkün olan daha çox məhsul var. Foodinfo.az aussiedlerbote.de saytına istinadla xəbər verir ki, xüsusilə maye tərkibi yüksək olan məhsulları dondurmaq tövsiyə olunmasa da, kulinariya mütəxəssislərinin məsləhət gördüyü bir sıra məhsullar mövcuddur.
1. Kərə yağı
Əgər mağazada kərə yağına endirim görüb ehtiyat üçün almısınızsa, narahat olmağa dəyməz. Onu birbaşa qablaşdırması ilə dondurucuya yerləşdirə bilərsiniz. Əsas şərt yağın yaxşı qablaşdırılmasıdır. Lazım gələrsə, əlavə olaraq qida plonkası ilə də bükmək olar. Bu, yad qoxuların hopmasının qarşısını alır. İstifadə zamanı yağı əvvəlcədən soyuducuya köçürmək, təcili halda isə bir qədər otaq temperaturunda saxlamaq kifayətdir.
2. Avokado
Dondurulmuş bananlı smuzilər artıq klassikaya çevrilib. Eyni üsulu avokadoya da tətbiq etmək olar. Vacib məqam — avokadonu tam yetişməmiş halda dondurmaqdır. Sonradan onu smuzi, salat sousları və hətta keks xəmiri üçün istifadə etmək mümkündür.
3. Sarımsaq
Sarımsaq dişlərini təmizləyin, əzib kütlə halına salın. Hər baş sarımsağa təxminən 1 çay qaşığı neytral dadlı yağ əlavə edin. Qarışığı nazik qatla lövhəyə yayıb dondurucuya qoyun. Donduqdan sonra konteynerə yığaraq saxlayın. Bu formada sarımsaq bir aya qədər keyfiyyətini qoruyur və şorba, sous, güveçlər üçün rahat istifadə olunur.
4. Təzə makaron
Quru makaron uzun müddət saxlanılsa da, təzə makaron tez xarab olur. Halbuki çiy halda onu rahatlıqla dondurmaq olar. Makaronu əvvəlcə 20 dəqiqəlik donmağa qoyun, sonra konteynerə yığın. Bir aya qədər saxlanıla bilər. İstifadə zamanı ya mikrodalğada isidin, ya da üzərinə qaynar su tökün.
5. Çiy yumurta ağları
Qaynadılmış yumurta ağlarını dondurmaq olmaz, çünki struktur pozulur. Amma çiy yumurta ağları üçün bu üsul tam uyğundur. Onları buz qəliblərinə töküb dondurun. İstifadədən bir gün əvvəl soyuducuya köçürün — xüsusiyyətlərini itirmir.
6. Bekon
Bekonu dondurucuda saxlamaq səhər yeməkləri üçün əla həll yoludur. Onu rulet formasında büküb dondurmaq olar. Bu halda bekon 6 aya qədər saxlanır. Qeyd olunur ki, ev şəraitində bu qədər uzun müddət saxlanıla bilən nadir ət məhsullarındandır.
7. Un
Ağ un illərlə otaq temperaturunda saxlanılsa da, tam buğda və yağlı un növləri tez xarab olur. Badam, yulaf və kokos ununu qapaqlı konteynerlərdə dondurucuda saxlamaq tövsiyə olunur. Bu üsulla un təxminən bir il keyfiyyətini qoruyur.
8. Sitrus meyvələrinin qabığı
Bütöv sitrus meyvələri dondurmaq uyğun deyil, lakin onların qabığı üçün bu ideal üsuldur. Limon, portağal və ya laymın qabığını sürtgəcdən keçirib dondurun, sonra paketdə saxlayın. Əritmədən birbaşa desertlərə və xəmirlərə əlavə etmək olar.
9. Toyuq bulyonu
Toyuq bulyonu da dondurmaq üçün uyğundur. Onu buz qəliblərinə və ya konteynerlərə tökərək saxlamaq olar. İstifadə zamanı zəif odda əridilməsi məsləhətdir. Bu formada bulyon 2–3 ay saxlanıla bilər.
Bu məhsulları düzgün şəkildə dondurmaq həm vaxtınıza, həm də büdcənizə qənaət etməyə kömək edə bilər.