Medianews.az
Fransa Rusiyanın gizli neft marşrutunu vurdu:
133 baxış

Fransa Rusiyanın gizli neft marşrutunu vurdu: Tanker saxlanıldı

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində, Siciliya sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən sanksiyalı neft tankerini saxlayıb.

Bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib.

Məlumata görə, “Deliver” adlı tanker Kamerun bayrağı altında hərəkət edib və Rusiyanın Primorsk limanından Sinqapura doğru istiqamət alıb. Gəminin hərəkəti “MarineTraffic” platformasının məlumatlarında da əks olunub.

Makron bildirib ki, Fransa bu əməliyyatı Böyük Britaniyanın oxşar addımından bir neçə gün sonra həyata keçirib. London daha əvvəl Rusiyanın “kölgə donanması” ilə əlaqələndirilən “SMYRTOS” gəmisini saxlamışdı.

Fransa liderinin sözlərinə görə, Avropa Rusiyaya təzyiqləri davam etdirəcək və müharibənin iqtisadi yükünü artırmaq niyyətindədir.

“Biz “kölgə donanması”nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa qətiyyətlidir və Ukraynada davamlı sülhün təmin olunması üçün bütün addımları atacaq”, - deyə Makron vurğulayıb./publika.az

Bizə qoşulun