Medianews.az
Fransada 3 min nəfər xəstəxanaya müraciət etdi -
98 baxış

Fransada 3 min nəfər xəstəxanaya müraciət etdi - SƏBƏB

Fransada müşahidə olunan rekord istilər ölkə üzrə ciddi problemlərə səbəb olub. Son 24 saat ərzində Paris və ətraf bölgələrdə təxminən 3 min nəfər xəstəxanaya müraciət edib.

Medianews.az xəbər verir ki, Fransanın meteorologiya xidməti "Meteo-France" həddindən artıq isti hava səbəbindən 37 əyalətdə qırmızı, 48 əyalətdə isə narıncı xəbərdarlıq elan edib.

Qırmızı xəbərdarlıq tətbiq edilən bölgələrdə havanın temperaturunun 42 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Fransa Səhiyyə Nazirliyi xəstəxanalarda soyutma sistemlərinin gücləndirilməsi məqsədilə 100 milyon avro vəsait ayırıb. Hökumət ölkə üzrə xəstəxanalar üçün əlavə 30 min kondisioner sifariş edib.

Qeyri-adi istilər nəqliyyat sisteminə də təsir göstərib. Paris-Nitsa marşrutu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən tuneldə dayanıb. Bəzi vaqonlarda kondisionerin işləməməsi sərnişinlərin həddindən artıq istidən əziyyət çəkməsinə səbəb olub. Daha sonra sərnişinlər başqa qatara köçürülərək təyinat məntəqəsinə təxminən altı saat gecikmə ilə çatdırılıblar.

Paris və İl-de-Frans bölgəsində fəaliyyət göstərən xəstəxanaları idarə edən AP-HP təşkilatının məlumatına görə, son 24 saatda xəstəxanalara müraciətlərin sayı adi günlərlə müqayisədə 36 faiz artıb.

İsti hava təhsil sahəsinə də təsir edib. Rueil-Malmaison şəhərində bir orta məktəbdə şagirdlər fransız dili üzrə şifahi imtahanı məktəbin dayanacağında vermək məcburiyyətində qalıblar. Səlahiyyətlilər imtahanın təxirə salınmaması üçün bu qərarın qəbul edildiyini bildiriblər.

Bundan başqa, Parisdə qismən üzgüçülük üçün açılmış Sen-Martin kanalında bir nəfərin meyiti aşkar edilib. Hadisənin səbəbləri araşdırılır.

Medianews.az 

Bizə qoşulun