Yay aylarında sərinləmək üçün geniş istifadə olunan buzlu içkilərlə bağlı mütəxəssislər ardıcıl xəbərdarlıqlar edir.
Medianews.az -ın məlumatına görə, zərərsiz görünən bu içkilər bəzi hallarda mədə-bağırsaq sisteminə zərər verə biləcək bakteriyalar daşıya bilər.
Xüsusilə marketlərdə satılan bəzi hazır buzlu içkilərin tərkibi uşaqlar üçün risk yarada bilər.
Havanın istiləşməsi ilə soyuq qəhvə və müxtəlif buzlu içkilərin istehlakı artsa da, mütəxəssislər gigiyena qaydalarına əməl olunmayan şəraitdə hazırlanan məhsulların ciddi infeksiya və zəhərlənmələrə səbəb ola biləcəyini bildirirlər.
Ekspertlərin sözlərinə görə, buzun bakteriya saxlamadığı düşüncəsi yanlışdır. Xlorlanmamış sudan hazırlanan, təmizlənməyən avadanlıqlarda istehsal olunan və ya çirkli əllərlə təmasda olan buzlar E.coli, Salmonella, Listeria və Norovirus kimi təhlükəli mikroorqanizmlərin yayılmasına səbəb ola bilər.
Xüsusilə yayda çox istifadə olunan soyuq südlü qəhvələrdə südün uzun müddət isti mühitdə saxlanılıb yenidən soyudulması bakteriyaların yaranması üçün münbit şərait yarada bilər. Bu isə hətta sağlam insanlarda belə güclü ishal, qusma, yüksək hərarət və qarın ağrısına yol aça bilər. Yaşlılar, şəkərli diabet xəstələri, hamilələr, orqan köçürülməsi keçirmiş şəxslər və immuniteti zəif olanlar üçün risk daha yüksək qiymətləndirilir.
Böyük Britaniyanın Qida Standartları Agentliyinin (FSA) araşdırmalarına əsasən, ərimənin qarşısını almaq üçün tərkibində dadlandırıcı olan bəzi hazır buzlu içkilər 7 yaşdan kiçik uşaqlar üçün təhlükəsiz olmaya bilər. Qısa müddətdə bir neçə belə içki qəbul edən uşaqlarda qan şəkərinin enməsi, güclü baş ağrısı, ürəkbulanma, şok və huş itkisi kimi ciddi yan təsirlər müşahidə oluna bilər.
Mütəxəssislər gigiyenasına əmin olunmayan məkanlarda buzlu içkilərin sifariş edilməməsini, ev şəraitində buz hazırlanarkən isə yalnız içməli sudan istifadə olunmasını tövsiyə edirlər. Bu qaydalara əməl etmək yay aylarında mümkün infeksiya riskini azaltmağa kömək edə bilər.