Medianews.az
Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı
206 baxış

Nazirdən məmurların hasarladığı torpaqlarla bağlı AÇIQLAMA

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların səmərəli istifadəsi uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə bölgələrdə bəzi torpaq sahələrinin müxtəlif vaxtlarda hasarlanaraq istifadəsiz saxlanıldığı, nəticədə isə həmin ərazilərin bir hissəsində şoranlaşma prosesinin sürətləndiyi barədə iddialar səsləndirilir. Mütəxəssislər belə torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Medianews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, hazırda əsas diqqət əkin sahələrinin bəyanı və uçotunun aparılmasına yönəlib.

"Hal-hazırda biz daha çox əkilən ərazilərin bəyanı və uçotu ilə məşğuluq. Məqsədimiz daha çox sahə əkmək deyil, daha az sahədən daha çox məhsul əldə etməkdir", - nazir deyib.

Onun sözlərinə görə, torpaq sahələri ilə bağlı məlumat bazalarının təkmilləşdirilməsi mövcud problemlərin həllinə də töhfə verəcək.

"Getdikcə Əmlak Məsələləri üzrə məlumatlar dəqiqləşdikcə, kadastr xəritələri düzəldikcə, mən düşünürəm ki, bu cür problemlər də yavaş-yavaş həllini tapacaq", - Məcnun Məmmədov qeyd edib.

Nazir əlavə edib ki, torpaqların münbitliyinin qorunması istiqamətində də işlər davam etdirilir.

"Eyni zamanda Su Agentliyi tərəfindən bölgələrdə meliorativ tədbirlər həyata keçirilir. Meliorasiya tədbirlərinin nəticəsində bəzi bölgələrdə şoranlaşmanın sürəti aşağı düşəcək", - deyə o vurğulayıb.

Məcnun Məmmədovun sözlərinə görə, torpaq ehtiyatlarından daha səmərəli istifadə və meliorativ tədbirlərin genişləndirilməsi kənd təsərrüfatı istehsalının artırılmasına xidmət edəcək.
 

Bizə qoşulun