Bir çox köhnə azarkeşlərin bir sağalmaz mərəzi var, nə vaxt yeni bir yerli gənc oyunçu parlayır, istəyirik ki, o, məşhurlaşıb Messi və Ronaldo (birinin etalonu Messidir, başqa birininki Ronaldo) kimi olsun.
And ola məşhur referimiz Tofiq Bəhramovun qızıl fitinin diyircəyinə ki, vaxtilə Əfran İsmayılova o nəzərlə baxırdıq. Onda alınmadı. Sonra quşumuz Ramil Şeydayevə qondu, o da Türkiyədən vurdu, Çindən çıxdı, qayıtdı, gəldi. Mahir Emreli də yaxşı başlamışdı, amma Polşada bir oyunda 3 topu dirəyə vurandan sonra, elə bil, qaqaşın basaratı bağlandı. Tərs kimi, daha sonra polyak azarkeşlər də məğlubiyyətə görə öz eşşəklərinə dəyməyib bunu döyməyə qalxdılar, bu da acıq eləyib Xorvatiyaya getdi. İndi də alman məşqçi həmvətənimizi yola vermir, Messi olmağa qoymur.
Ümid yalnız Nərimana qalıb. Görək ondan bir şey çıxacaqmı?
Dünən Nərmiiman Axundzadə barədə yayılan xəbər ürəkaçan idi. Deyilirdi ki, gənc həmvətənimizin ABŞ-nin "Kolambus Kryu" klubundakı illik məvacibi 550 000 ABŞ dollardır. Təmizi bu qədərdir. Bizim pulla 935 min manat edir. Yəni o, 1 il 1 aya milyonçu olacaq. Nuş canı, xoş halalı.
Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, futbol ən travmalı idman növüdür. Boks da travmalıdır, adamın qaşını partladır, burnunu sındırırlar. Amma futbolda oyunçunun ayaq barmağından tutmuş ta başının ortasına qədər hər əzasına sədəmə toxuna bilər. Son vaxtlar bəzi futbolçuların başlarına dəri maska keçirmələri əbəs deyil. Çünki toqquşanda başları yarılır. O maskanı ilk dəfə Zeedorfda görmüşdük, Osimhendən “Sabah”ın oyunçusuna qədər çoxları maska taxır.
Ona görə də yaşıl meydanda can qoyan oğlanlara verilən yüksək maaş əbəs deyil. Onlar bunu haqq edirlər.
Sovet dövründə belə olmayıb. Düzdür, o vaxtlar futbolçulara mənzil, maşın, yaxşı maaş veriblər və onlar sıravi vətəndaşlardan yaxşı yaşayıblar. Amma indiki ilə müqayisədə, hesab edin ki, heç nə verməyiblər. İki otaqlı mənzil, “Jiquli”, 300-400 manat maaş, bir də həlledici qələbə qazananda mükafat, vəssalam.
O vaxt 15 il yaşıl meydanda can qoyan, 5 çempionluq qazanan, 3 dəfə ölkə kubokunun qalibi olan futbolçular bütün karyeraları boyunca indikilərin 1 ildə qazandıqlarını qazanmayıblar.
Məsələn, Tiflis “Dinamo”su UEFA kubokunu qazananda əsas heyətin oyunçularınına “Volqa” satıblar. “Bağışlayıblar” yox ha, öz pullarına satıblar. Növbəsiz. Çivadzeyə ağ “Volqa” düşübmüş, komanda yoldaşı maşının rənginə görə mızıldanıb deyə, öz ağ avtomobilini ona verib, bulud rənglisini götürüb. Xarkovun “Metallist” komandası 1988-ci ildə SSRİ kubokunu qazananda isə oyunçulara velosiped veriblər.
1988-ci ilə qədər sovet futbolçuların xarici klublara transferi qadağan imiş. 1988-də qadağa götürülb. Çünki Şakaya (Kremlə) pul lazım olub, oyunçuları da istəyənlər varmış. Ona görə də o dövrün ən parlaq oyunçularını – Zavarovu, Protasovu, Oleynikovu, Radionovu, Dasayevi, Buryakı, Çerenkovu, Yevtuşenkonu, Yaremçuku və digərlərini xarici satıblar.
Ancaq görün sovetin boz kostyumlu idman məmurları bunu necə ediblər. İdman işlərinə baxan komitə “Barselona”nın 3 milyon, “Yuventus”in isə 5 milyon verdiyi Zavarovu ikinciyə satıb. Bu məbləğdən 2 milyon “Dinamo” klubuna çatıb, 3 milyon idman komitəsinə. Bəs Zavarova nə qalıb? Heç nə. Stipendiya. Turində bu aydan o aya güclə yetən təqaüd – 1200 dollar. Sonra klubun rəhbərliyi görüb ki, futbolçu dolana bilmir, Zavarovun maaşına artım ediblər.
Təsəvvür edin, adam xroniki zədələrlə oynayır, sağlamlığını itirir, az qala gənc yaşda əlil olur, toplanışlara cəlb olunur, günlərlə ailə-uşaq üzü görmür, kökəlməmək üçün ürəyi istəyəni yeyə bilmir, bunun əvəzində ona təqaüd verirlər, onların qazandığı milyonları isə ömründə şort geyib meydançaya çıxmamış kabinet siçovulları xərcləyir. Ən pisi, iki oyun ard-arda yaxşı performans göstərməyəndə və ya yaşı 30-a çatanda baş məşqçi həmin oyunçunu çağırıb deyir: “Sabahdan məşqə gəlmə, şkafdan əşyalarını götür, get”.
Tərifli Lobanovski və Beskov yüzlərlə futbolçuya məhz belə deyib.
Yəni bu futbol təsərrüfatı çox amansızdır. Mərhəmət-filan yoxdur, dünən komandaya çempionluq, kubok qazandırmısan, amma bu gün axsayırsan, deyirlər, yaxşı yol.
O vaxt “Barselona” Georgi Hacını belə yola salmışdı, o da gəldi “Qalatasaray”da əvvəlcə UEFA kubokunu qazandı, sonra “Real”ın əlindən superkuboku qamarladı, ispanlar baxdılar ki, səhv ediblər.
İndi bir milli futbolçunuzun dünyanın əkə-bükə futbolçuları kimi maaş alması sevindiricidir. Qoy Nəriman da Messi sürən maşından sürsün, Ronaldo taxan saatdan taxsın, lap gedib İrina Şeyk kimi bir modellə də gəzsin. Amma futbol oynamağı da unutmasın. 19 yaşında olimpiya çempionu olan, hər şey (evlər, lüks maşınlar, 5-6 yüz min də nağd pul) qazanan, 20 yaşında isə tatamiyə çıxdığı bütün rəqiblərə yıxılan güləşçimiz kimi eləməsin.
Odur, Ronaldo Nərimanın atası yaşındadır, 41 yaşı var, amma hələ də ruhdan düşməyib, oynayır. Adam milyarderdir, fəqət oynamaqdan doymur. Gələcəkdə ölkəsində PFFA prezidenti də olacaq.
Samir SARI