Medianews.az
“Sabah”, “Qarabağ”, “Turan Tovuz” və...
201 baxış

“Sabah”, “Qarabağ”, “Turan Tovuz” və...

2026-2027 mövsümündə UEFA Çempionlar Liqasına 82, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komanda buraxmaq nəzərdə tutulur.

Medianews.az bildirir ki, hər üç turnirdə dörd təsnifat mərhələsi var. Reqlamentə görə, Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçür, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.

2025-2026 mövsümündə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olan “Sabah” Çempionlar Liqasına birinci mərhələdən başlayacaq.

Gümüş medalçı Avropa Liqasının birinci mərhələsinə, bürünc medalçı Konfrans Liqasının ikinci mərhələsinə, ölkə dördüncüsü ilk mərhələsinə buraxılır.

Milli çempionatın yüksək dəstəsində gümüş və bürünc medallara “Qarabağ” və “Turan Tovuz”, dördüncü pilləyə “Neftçi” və “Zirə” iddialıdır.

Medianews.az həmçinin qeyd edir ki, Azərbaycanın çempionatının qaliblərinin və ölkə kubokunun sahiblərinin siyahısı yenilənib.

“Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz), “Xəzər Lənkəran” və “Sabah” 1 dəfə ölkə çempionu olub.

“Qarabağ” 8, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” və “Sabah” 2, “İnşaatçı” (Bakı), “Şəfa” 1 kubok qazanıb.

Hər iki turnir 1992-ci ildən keçirilir.

Toğrul Əli, 
Medianews.az 

Bizə qoşulun