Aleyna Tilki karyerasının 10-cu ildönümünü və “Kırlar” albomunun təqdimatını İstanbulda keçirilən möhtəşəm konsertlə qeyd edib.
Demokrat.az xəbər verir ki, Türkiyənin məşhur pop ifaçısı Volkswagen Arena-da baş tutan konsertdən əvvəl jurnalistlərlə görüşərək duyğularını bölüşüb.
26 yaşlı sənətçi uşaqlıq arzularını gerçəkləşdirdiyini bildirib:
“Düşünürəm ki, uşaqlıqdan olmaq istədiyim qadına çevrilmişəm. Hazırda 26 yaşım var və karyeramın 10-cu ilini qeyd edirəm. Uşaqlığım səhnədə keçib. Bu çox gözəl hissdir. Elə insanlar var ki, bu yaşda karyeralarına yeni başlayırlar. Bu yol həm gözəl, həm də bir qədər yorucu oldu, amma çox xoşbəxtəm”, – deyə Tilki vurğulayıb.
Müğənni konsertdən əldə olunan gəlirin bir hissəsinin sosial layihəyə yönəldiləcəyini də açıqlayıb. Onun sözlərinə görə, layihə çərçivəsində “Kırlar Meşəsi” adlı meşə salınacaq.
Təbiətin həyatında xüsusi yer tutduğunu qeyd edən sənətçi, ən böyük mənəvi rahatlığı məhz təbiətdə tapdığını bildirib:
“Həyatımda ən böyük şəfanı təbiətdə tapdım. Həmişə içimdə bir pərinin yaşadığını hiss etmişəm”, – deyə Aleyna Tilki əlavə edib.
Sənətçinin həm yeni albomu, həm də 10 illik sənət fəaliyyətinə həsr olunan konserti pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
15.06.2026, 06:38
187
baxış
Zara Editor