Medianews.az
Yeni mundialdan gözləntilər –
86 baxış

Yeni mundialdan gözləntilər – 40 il öncəki unudulmur

Futbol azarkeşlərinin keçmiş günlərə dair nostaljisi çox şiddətli olur. Çünki futbol emosiyalar seli yaradan idman növüdür, azarkeşlər keçmişdə olub-bitən fərəhli və məyus anları bütün duyğuları ilə yaşayırlar və bu, onların yaddaşına dərin-dərin həkk olunur.

Budur, yüni mundialın vaxtı yetişib, saatlar sonra ABŞ, Kanada və Meksikada futbol üzrə 23-cü (XXIII) dünya çempionatı başlayacaq və yaşı düşən, stajlı futbol azarkeşləri ötən əsr və illərdəki mundiallarda baş verənləri xatırlayırlar.

Onlardan ən parlağı 40 il öncə, 1986-cı ildə, elə indiki DÇ-nin ev sahiblərindən biri olan Meksikada keçirilmiş və əsrarəngiz səslənən “Mexiko oçenta u seis” (“Mexiko – səksən altı”) təqdimatı ilə iz qoymuş mundialdır.

Həmin çempionat futbol tarixinə “Maradonanın çempionatı” kimi düşüb. Ona görə ki, həm mundialın qalibi Argentina milli komandası olub, həm də bu yığma komandanın kapitanı Maradona öz parlaq, fenomenal oyunu ilə mundiala damğa vurub, öz adını yüz milyonlarla azarkeşin hafizəsinə yazıb.

Bir də təbii ki, onun rəqib qapısına (İngiltərə millisinə) əli ilə vurduğu və hakim tərəfindən hesaba alınan qol vardı. O epizodun söz-söhbəti hələ də davam edir.

Əslində indiki texnoloji avadanlıqlar o zaman olsaydı, Maradonanın qolu VAR hakimlərini diqqəti sayəsində hesaba alınmayacaqdı və kim bilir, oyunun nəticəsi necə olacaqdı, Argentina yığması finala çıxa biləcəkdimi? Ola bilərdi, bir çovumuş qol Maradonanın bütün əziyyətini zay edəcəkdi və çempion başqa bir ölkənin milli komandası olacaqdı.

1986 mundialı nə qədər maraqlı, gərgin, yaddaqalan olsa da, hakim səhvləri təkcə Argentina-İngiltərə matçında yox, başqa oyunlarda da həlledici olmuşdu.

O zamanlar rus-sovet imperiyasının tərkibində olduğumuz üçün avtomatik olaraq SSRİ yığma komandasına azarkeşlik edirdik. İş elə gətirmişdi ki, sovet idmanı tarixinin ən güclü futbol komandası məhz 1986-cı ildə əmələ, ərsəyə gəlmişdi. Komandaya Kiyev “Dinamo”sunun əfsanəvi rəhbəri Valeri Lobanovski rəhbərlik edirdi. Onu bu vəzifəyə mundiala iki həftə qalmış, məcburiyyət üzündən təyin etmişdilər. Çünki SSRİ yığmasının əsas oyunçuları “Dinamo”nun oyunçuları idi və onlar yenicə UEFA kuboku qazanmışdılar.

Həmin oyunçuların adı hələ də yaddaşlardadır: Demyanenko (k), Yaremçuk, Aleynikov, Yakovenko, Kuznetsov, Rats, Zavarov. Bloxin, Belanov və b.

SSRİ-nin başqa komandalarından bir neçə oyunçu heyətə daxil edilmişdi: Dasayev, Çivadze, Bessonov, Bubnov, Larionov və b.

1982-ci ildə keçirilən dünya şempionatında SSRİ yığmasısının sükanı arxasında birdən-birə 3 baş məşqçi (Valeri Lobanovski, Konstantin Beskov, Nodar Axalkatsi) vardısa, 1986-cı il heyətinin rəhbəri yalnız Lobanovski idi və onun oyun stilinin uğurlu olacağına ümid böyük idi.

Komandamız çempionata yaxşı başlasa da, 1\8 finalda Belçika millisini keçə bilmədi. Oyunun taleyini İsveçdən olan baş hakim Erik Frederikson, rəqibin ofsaytdan vurduğu iki qolu hesaba alaraq həll etdi. Bütün dünyanın gözü qarşısında haqsızlıq edildi və bu, ətraf dünya tərəfindən normal qarşılandı Sanki elə bu cür də olmalıymış. O zamanlar SSRİ müasir Rusya kimi Avropa və dünya ictimaiyyəti tərəfindən sevilməz bir ölkə olduğundan ona qarşı edilən haqsızlıq başqa ölkələrin bu haqq-hesabdan məmnun qalmasına səbəb oldu.

SSRİ yığması ələnib ölkəyə qayıtdı. Bu haqsız məğlubiyyət sovet vətəndaşlarına olduqca pis təsir etmiş, əməlli-başlı şok yaratmışdı və nəticə etibarilə gecə-gündüz “mənfur kapitalizm dünyası”nə qamçılayan sovet təbliğatının əlinə oynamışdı. Artıq hamı o “dünya”nın ədalətsizliyinin əyani şahidi olmuşdu.

Yenə də o zamanlar VAR sistemi mövcud olsaydı, yəqin ki, SSRİ-Belçika matçının nəticəsi başqa cür olar, sovet yığması növbəti mərhələyə adlayardı. Bunu artıq heç cür bilmək olmaz. Hər şey uzaq keçmişdə qalıb.

Ümid edək ki, bu gün başlayan mundialda nəticələrə təsir edən hakim səhvləri, hətta VAR yanlışqlıları (son bir ildə VAR-ın qərarlarında da mübahisəli epizodlar olur) olmayacaq.

Bu mundialda azərbaycanlı azarkeşlərin tirələrə bölünərək azarkeşlik edəcəyi komandalar var. Məsələn, xeyli adam Türkiyə millisinin oyunlarına azarkeşlik edəcək. ABŞ\İsrail – İran müharibəsində olduğu kimi bir çox yerli azarkeşlər İran yığmasına tərəfdar olacaqlar. Bir də Özbəkistan milli komandası var. Bu ölkə həm köhnə türk, həm də sovet qardaşlarımızdandır. Onun da azarkeşləri çox olacaq.

Xalid KAZIMLI

Bizə qoşulun